SİYASƏT
Prezidentin köməkçisi: Məhərrəm ayı ilə əlaqədar kütləviliyə yol verilməməsini vətəndaşlardan xahiş edirik
Bakı, 15 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qarşıdan gələn Məhərrəm ayı ilə əlaqədar açıqlama verilib. Mömin insanlarımızın hisslərinə və inanclarına çox böyük hörmətlə yanaşırıq. Məhərrəm ayı ilə əlaqədar hər zaman ölkəmizdə dini mərasimlər keçirilib. Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi digər ölkələrin təcrübəsi, bu ölkələrdə keçirilən dini tədbirlərlə bağlı şərtlər öyrənilir, həmçinin bu dövlətlərdən olan həmkarlarımız ilə də fikir mübadiləsi aparırıq. Ancaq Azərbaycandakı hazırkı epidemioloji vəziyyət və həmin ölkələrin təcrübəsi alınaraq qarşıdan gələn Məhərrəm ayı ilə əlaqədar kütləviliyə yol verilməməsini vətəndaşlardan xahiş edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.
“Ölkəmizin din xadimləri tərəfindən də bununla bağlı vətəndaşlarımıza müraciətlər olub. Vətəndaşlarımızın bu müraciətlərə əməl edəcəyinə inanırıq”, - deyə Prezidentin köməkçisi vurğulayıb.