REGİONLAR
Professor İzzət Şamxalova NDU-nun tibb fakültəsinin tələbələri üçün ustad dərsi keçib
Naxçıvan, 15 may, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mama-ginekologiya kafedrasının professoru İzzət Şamxalova Naxçıvan Dövlət Universitetinin (NDU) tibb fakültəsinin tələbələri üçün ustad dərsi keçib.
NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mühazirələrdə fakültənin müalicə işi və profilaktika ixtisasının tələbələri ilə birgə müəllimləri də iştirak ediblər.
Professor tələbələrə hamiləliyə hazırlıq prosesinin gedişatını izah edib, hamiləlik dövründə baş verə biləcək xəstəliklər, klassik doğuş və doğuşun digər formaları haqqında danışıb.
İki gün davam edən mühazirələr qarşılıqlı diskussiya şəraitində keçib, professor müəllim və tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, NDU-nun bütün fakültələrinə, xüsusən də tibb fakültəsinə mütəmadi olaraq paytaxt Bakı şəhərindən və Türkiyə Respublikasından professor-müəllim heyəti dəvət olunur.