ELM VƏ TƏHSİL
Professor Mayk Hardi Azərbaycan Turizm və Menecment Universitetinin fəxri doktoru seçilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi şuranın növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda ATMU-nun rektoru İlham Mədətov Prezident İlham Əliyevin təhsilə, mədəniyyətə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb, rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib.
“Bakı Prosesi”nin və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının akademik məsləhətçisi, Böyük Britaniyanın Koventri Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru, professor Mark Hardinin həyat və fəaliyyəti, səmərəli xidmətlərindən danışan rektor onun ATMU-nun elmi şurasının qərarı ilə bu ali məktəbin fəxri doktoru adına layiq görüldüyünü diqqətə çatdırıb.
Qeyd olunub ki, M.Hardi qlobal müzakirələrə, mədəniyyətlərarası dialoq və mədəni müxtəliflik mövzularında araşdırmalara böyük töhfələr verib. O, 2012-ci ildən Mədəniyyət və Turizm Nazirliyi ilə razılığa uyğun olaraq ölkəmizin mühüm qlobal təşəbbüsü sayılan “Bakı Prosesi”nin və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının akademik məsləhətçisidir.
Professor M.Hardi 2013, 2015, 2017-ci illərdə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının konseptual sənədlərinin hazırlanmasında və Forumun beynəlxalq işçi qrupunun üzvü kimi UNESCO və BMT-nin baş qərargahlarında keçirilən təqdimatlarda əsas çıxışçı missiyasında iştirak edib. “Bakı Prosesi”nə və ölkəmizin mədəniyyətlərarası dialoq siyasətinə dair beynəlxalq mətbuatda dəfələrlə müəllif yazıları ilə çıxış edib. O, hazırda beynəlxalq akademik ictimaiyyət, siyasət və hökumət təmsilçiləri üçün nəzərdə tutulan “Bakı Prosesi” barədə kitab üzərində işləyir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin təhsilə və mədəniyyətə böyük önəm verdiyini bildirib. Müasir dünyada təhsilin, mədəniyyətin mühüm rolunu qeyd edən nazir bu sahənin inkişafı istiqamətində reallaşdırılan layihələrin, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb.
Ə.Qarayev britaniyalı professoru ATMU-nun fəxri doktoru adına layiq görülməsi münasibətilə təbrik edib.
Sonra fəxri doktor diplomu M.Hardiyə təqdim olunub.
Professor M.Hardi ATMU-nun tələbələrinə “Mədəniyyətlərarası dialoq diplomatiyası” mövzusunda mühazirə oxuyub.