ELM VƏ TƏHSİL
Professor Səyyarə İbadullayeva: Torpaqlarımız erməni işğalı altında olarkən flora və faunası məhv edilib
Bakı, 6 noyabr, AZƏRTAC
AMEA-nın Botanika İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən institutun baş direktoru professor Səyyarə İbadullayeva işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin tariximizin ən şərəfli səhifəsi olduğunu söyləyib. O qeyd edib ki, müharibə dövründə Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib. Şuşa şəhərinin noyabrın 8-də azad olunması müharibənin taleyində həlledici rol oynayıb. Torpaqlarımız işğal altında olarkən erməni vandalları tərəfindən kompleks şəkildə istismara məruz qalıb, flora və faunası məhv edilib. Gələcəkdə həmin ərazilərə ekspedisiyaların təşkili, bölgənin bitki müxtəlifliyinin öyrənilməsi Botanika İnstitutunun əsas istiqamətlərindən biri olmalıdır.
İnstitutun elmi katibi dosent Xuraman Xəlilova, biologiya elmləri doktoru Dilzarə Ağayeva və digər çıxış edənlər möhtəşəm Qələbəmizin tarixi əhəmiyyətindən danışıblar. Bu şanlı Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan oğullarının şücaəti və xalqımızın birliyi sayəsində əldə edildiyini bildiriblər.
Tədbirin sonunda Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.