DÜNYA
Proqnoz: 2053-cü ilədək planetimizdə əhalinin sayı 10 milyard nəfərə çatacaq
Bakı, 25 avqust, AZƏRTAC
Artıq 2053-cü ilə qədər planetimizdə yaşayan insanların sayı 10 milyard nəfərə çatacaq. Bu barədə əhalinin sayı üzrə Vaşinqton bürosu (PRB) məlumat yayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, PRB-nin direktoru Ceffri Cordanın sözlərinə görə, ümumi doğum sayının azalmasına baxmayaraq, dünya əhalisinin artım tempi yüksək səviyyədə qalmaqda davam edəcək. Lakin əhalinin sayındakı fərqlər hər bir regionda müxtəlif olacaq. Məsələn, Avropa əhalisinin sayında 12 milyon nəfərə qədər azalma gözlənilir. Bu göstəriciyə görə ön sıralarda isə Yaponiya gedəcək. Belə ki, “gündoğar” ölkədə rekord miqdarda - 24,7 milyon nəfərədək azalma proqnozlaşdırılır. Yaponiyanın ardınca 7,9 milyon nəfərlik azalma ilə Rusiya və 9 milyon nəfərlik azalma ilə Ukrayna gələcək.
Bununla yanaşı, Amerika əhalisinin sayı 223 milyon nəfər, Asiya əhalisinin sayı isə 900 milyon nəfərə qədər artacaq. Afrikada isə əhali iki dəfə çoxalacaq.
Xatırladaq ki, 2016-cı il yanvarın 1-nə olan məlumata görə, planetimizin əhalisi 7,3 milyard nəfərdir.