ELM VƏ TƏHSİL
Psixoloqlar Azərbaycan Universitetində autizmli uşaqların ehtiyacları ilə bağlı təcrübələrini bölüşüblər
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Universitetində autizmlə bağlı maarifləndirmə seminarı keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva 2008-ci ildən etibarən BMT-nin təşəbbüsü ilə aprelin dünyada “Autizm maarifləndirmə ayı” kimi qeyd olunduğunu söyləyib. Qeyd olunub ki, məqsəd insanları autizm haqqında maarifləndirmək və problemə diqqət çəkməkdir.
Seminarda “Birgə və Sağlam” İctimai Birliyinin psixoloqu Nərmin Rəhimli “Autizmli uşaqların və ailələrinin ehtiyacları” mövzusunda təqdimatla çıxış edib. Təqdimat autizmin statistikası və diaqnozu, sosial münasibətlərlə bağlı problemlər, davranış problemləri, autizmdə reabilitasiya və istifadə olunan metodlar mövzularını ehtiva edib.
Sonra “Birgə və Sağlam” İctimai Birliyin qurucusu və direktoru Aytən Zeynalova, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) Valideyn Birliyinin sədri, təlimçi Zəhra Xələfova autizm sindromlu uşaqlar və onların valideynlərinin qarşılaşdıqları problemlərə dair təcrübələrini bölüşüblər.
Universitetin sosial iş ixtisası üzrə təhsil alan tələbələr təqdim etdikləri fləşmobda autizm sindromlu uşaqların adından cəmiyyətə müraciətlərini çatdırıblar.
Rektor Səadət Əliyeva autizm sindromlu uşaqların reabilitasiyasının və ailələrinin həyat keyfiyyətinin yüksəldilməsinin vacibliyinə toxunub.
Tədbirdə “Mənim adım autizmdir” qısametrajlı filmi nümayiş olunub, Əməkdar Artıst Tünzalə Ağayevanın autizmli uşaqlara həsr etdiyi “Fərqliyəm” mahnısı səsləndirilib.
Tədbir universitetin kollektivi tərəfindən havaya mavi şarların buraxılması ilə yekunlaşıb.