MƏDƏNİYYƏT
Publisist-politoloq Reyhan Mirzəzadənin kitablarının təqdimatı olub
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 13-də Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin “Rus ədəbiyyatı qəlbimin işığında” və “Bəşəri zəkanın rus dahiləri” kitablarının təqdimatı keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, MKS-nin direktoru Lətifə Məmmədova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.
Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov iki dövlət və xalq arasında tarixi dostluq əlaqələrindən danışıb.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov, Türk Xalqları Ümumdünya Konqresinin prezidenti, hüquq elmləri doktoru Yəhya Əliyev, şair Zakir Ağdamlı və digərləri çıxış edib.
Sonda kitabın müəllifi Reyhan Mirzəzadə tədbir iştirakçılarına və təşkilatçılarına təşəkkür edib. Tədbir Yasamal rayon 53 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən şeir və mahnı ifaları ilə davam edib.