MƏDƏNİYYƏT
Pyer Treqomen: Muğam beynəlxalq musiqidir, onu hamı sevir VİDEO
Paris, 5 iyun, AZƏRTAC
Azərbaycan muğamını dinlədim, çox sevdim. Qoçaq Əsgərov ilə tanış oldum, o, mənə muğam dərsləri keçdi.
Sonra Qoçaq Əsgərovla birlikdə “Mugham Souls” qrupunu yaratdıq. Düşünürəm ki, musiqi universal dildir. Buna görə də milliyyətindən asılı olmayaraq hər kəs musiqiyə tez uyğunlaşır, onu asanlıqla mənimsəyir. Bizim ifa etdiyimiz muğam da beynəlxalq musiqidir, onu hamı elə ilk andan sevir.
Bu fikri “Mugham Souls” qrupunun ifaçısı Pyer Treqomen YUNESKO-nun baş qərargahında Azərbaycan muğam ifaçılığının qurumun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibəti ilə təşkil edilmiş konsertdən sonra AZƏRTAC-a müsahibəsində bildirib.
P.Treqomen qeyd edib ki, Qoçaq Əsgərovla birlikdə onların ilk albomu keçən il noyabr ayında Fransada işıq üzü görüb. Sonra Azərbaycanda da albomları çıxıb. Həmin albom artıq bir çox ölkələrdə yayılıb.
“İndi isə dünya turuna çıxmaq istəyirik. İlk konsertimiz bu gün YUNESKO-nun baş qərargahında oldu. İsveçrədə, Çində, Yaxın Şərq ölkələrində və digər ölkələrdə də bu repertuarla konsert verəcəyik. İfa etdiyimiz muğam musiqisinə əslində caz bəstələri ilə sintez edilib. Ancaq daha çox hər ikimizin eyni dərəcədə bölüşdüyümüz mənəvi ilhamdır. Buna görə də ifamız uğurlu alınıb.
Bu gün YUNESKO-nun baş qərargahında uğurlu konsertimizlə fəxr edirik”,-deyə P. Treqomen bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris