QADINLARDAN İBARƏT YIĞMA HƏNDBOL KOMANDAMIZIN BAŞ MƏŞQÇİSİ VALERİ PEVNİTSKİ İSTEFAYA GÖNDƏRİLDİ
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Avropa həndbol çempionatının Portuqaliyada keçirilən sonuncu qrup oyunlarında uğursuz çıxış edən qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Valeri Pevnitski istefaya göndərilmişdir.
Azərbaycan Həndbol Federasiyasından bildirmişlər ki, qitə çempionatına hərtərəfli hazırlaşmaq üçün baş məşqçiyə hər cür şərait yaradılsa da, qarşıya qoyulan minimum vəzifənin öhdəsindən gələ bilmədiyinə görə, yığma komandanın rəhbərliyi onu istefaya göndərməyi qərara almışdır.
Xatırladaq ki, qrup oyunlarında həndbolçularımız Yunanıstan və Finlyandiya yığmaları üzərində qələbə çalsalar da, Litva, Slovakiya və Portuqaliya seçmə komandalarına məğlub olaraq, pley-off mərhələsinə düşə bilməmişlər.
Yaxın vaxtlarda heç bir turnir və ya çempionatın keçirilməyəcəyini nəzərə alan yığma komanda rəhbərliyi baş məşqçi vəzifəsinin 2006-cı ilin əvvəllərinə qədər boş qalmasını məqsədəuyğun saymışdır.
Yanvarın 7-də isə ölkə çempionatının sonuncu qalibi “ABU” komandası Çelenc Kap turniri çərçivəsində Bakıda İtaliyanın “RİAM” klubu ilə qarşılaşacaqdır. Cavab görüşü bir həftədən sonra olacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var