DÜNYA
QADIN HANSI YAŞDA GÖZƏL OLUR?
Bakı, 20 iyul (AZƏRTAC). Britaniya alimləri hesab edirlər ki, qadın 31 yaşında cazibədarlığının zirvəsinə çatır. Bu yaşda qadın həm təbii gözəlliyə, həm özünə inam hissinə, həm üslub duyğusuna malik olur. Bu isə artıq yetkin qadınları yeniyetmə qızlardan fərqləndirir.
“Deyli Meyl” qəzeti yazır ki, 2 mindən çox kişi və qadının iştirak etdiyi sorğuda respondentlərin təxminən 70 faizi özünə inam hissini qadını cazibədar edən əsas amil adlandırmışlar. Rəyi soruşulanların 67 faizi xarici görünüşə, 47 faizi üslub duyğusuna üstünlük vermişdir.
Sorğuda iştirak edən qadınların təxminən üçdə ikisi belə bir fikirlə razıdır ki, illər ötdükcə, qadın daha da gözəlləşir. Onların yarısından çoxu bildirmişdir ki, yeniyetməlik komplekslərindən tədricən canını qurtarandan sonra özünü gözəl sayır. Respondentlərin 55 faizi düzgün makiyaj üslubu seçəndən sonra cazibədar olduğunu söyləmişdir.
Sorğu QVS telekanalının sifarişi ilə keçirilmişdir. Kanalın satış üzrə direktoru bildirmişdir ki, tədqiqat bir çoxlarının ehtimalını təsdiq etdi: gözəllik təkcə cazibəli xarici görünüş deyildir. Gözəllik özünə inam hissi, üslub və fərdiliyin vəhdətindədir.