İQTİSADİYYAT
QAZAXISTAN VƏ RUSİYA MÜQAVİLƏ İMZALAYACAQLAR
Gələn ilin əvvəlində Qazaxıstan və Rusiya Xəzər dənizi şelfindəki neft yatağının kəşfiyyatı və işlənilməsi haqqında müqavilə imzalayacaqlar. AZƏRTAC-ın müxbiri Astanadan xəbər verir ki, bunu “LUKoyl” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov Qazaxıstanın Baş naziri Danial Əhmədovla görüşdən sonra mətbuat konfransında açıqlamışdır.
V.Ələkbərov demişdir ki, görüşdə “Dostık” blokunun kəşfiyyatı və işlənilməsi haqqında müqavilənin şərtləri müzakirə edilmişdir. Şirkətimiz geoloji kəşfiyyat işlərinin tamamilə maliyyələşdirilməsini öz üzərinə götürür. Blokun işlənilməsinə təxminən 3 milyard dollar kapital qoyulacaqdır.
Xatırladaq ki, ötən ilin mayında Qazaxıstan və Rusiya Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi haqqında saziş imzalamışdılar. Həmin sənədə əsasən, dənizin əvvəllər mübahisəli olan sahəsində yerləşən bütün neft yataqları iki ölkənin şirkətləri tərəfindən birgə işləniləcəkdir.