ELM VƏ TƏHSİL
QAZAX DİLİ BİR MÜDDƏTDƏN SONRA LATIN QRAFİKASINA KEÇƏ BİLƏR
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hesab edir ki, qazax dili bir müddətdən sonra latın qrafikasına keçə bilər. AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, dövlət başçısı bunu iyunun 30-da Kazanda Tatarıstan Prezidenti Mintimer Şaymiyevlə danışıqlardan sonra mətbuat konfransında açıqlamışdır.
Qazaxıstan rəhbərinin fikrincə, bu cür islahat obyektiv şərtlərlə, o cümlədən elektron texnikası əsasında informatikanın inkişafı ilə bağlıdır. Müasir maliyyə dünyasında kompüter dili üstün dilə çevrilir. Qazaxıstanda bütün sənəd dövriyyəsinin kağızdan elektron sisteminə keçirilməsi üçün üçillik proqram gerçəkləşdirilir. Belə bir fikir var ki, qazax dilinin latın qrafikasına keçirilməsi kompüter texnologiyalarının tətbiqini asanlaşdıracaqdır.
N.Nazarbayev demişdir: “Latın qrafikasına keçildikdən sonra hələ uzun müddət kiril əlifbasından da istifadə ediləcəkdir ki, heç kimin mənafeyinə xələl gəlməsin”.