CƏMİYYƏT
QİÇS-DƏN 20 MİLYONDAN ÇOX ADAM ÖLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) 2004-cü il üçün yaydığı məruzəyə görə, QİÇS-dən ölənlərin sayı artıq 20 milyon nəfəri ötüb keçmişdir, halbuki 25 il bundan əvvəl bu dəhşətli xəstəlikdən, hətta mütəxəssislərin də xəbəri yox idi. Məruzədə deyilir ki, immun çatışmazlığı virusu indi görünməmiş sürətlə yayılır, onunla bağlı vəziyyət isə böhran xarakteri alır.
DST ekspertlərinin hesablamalarına görə, hazırda planetdə 34-36 milyon adam QİÇS xəstəliyinə mübtəla olmuş, ya da bu virusun daşıyıcısıdır. 2003-cü ildə bu xəstəlikdən 3 milyon adam ölmüş, daha 5 milyon nəfər isə həmin xəstəliyə yoluxmuş şəxslərin siyahısına daxil edilmişdir. QİÇS qurbanlarının daha çox olduğu üçüncü ölkələrdə ötən ilin sonunadək yalnız 400 min adam müalicə almaq imkanı əldə etmişdir.
Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, yaranmış vəziyyəti aradan qaldırmaq üçün bu xəstəliklə mübarizəyə sərf olunan xərcləri 2005-ci ildə iki dəfə, sonrakı iki ildə isə üç dəfə artırmaq lazımdır.