CƏMİYYƏT


QİÇS-in yayılmasının qarşısının alınması, sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılması məsələləri müzakirə edilib

Bakı, 25 noyabr, AZƏRTAC

Ölkə Əlaqələndirici Komissiyasının (CCM) təşəbbüsü ilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) əməkdaşları tərəfindən tibb müəssisələrinin rəhbərləri üçün seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən RQMM-nin direktoru Famil Məmmədov sağlamlıq üçün təhlükəli olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) Azərbaycanda yayılmasının qarşısının alınmasının, əhalinin sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılmasının vacibliyinə toxunub.

O, yeni növ koronavirus (COVID-19) pandemiyasının beynəlxalq səhiyyə sistemi üçün bir sıra qlobal problemlər yaratdığı dövrdə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər haqqında danışıb. RQMM-nin direktoru, həmçinin respublikada İİV testləşməsinin aparılmasının vacibliyini, müalicənin əlçatanlığını və fasiləsiz təmin edilməsini, QİÇS-lə bağlı ölüm hallarının azalmasını və İİV-lə yaşayan xəstələrə qarşı ayrı-seçkilik hallarının qarşısının alınması üçün hər cür şərait yaradıldığını qeyd edib.

RQMM-nin direktor müavini Səbinə Babazadə İİV/QİÇS-lə mübarizədə Səhiyyə Nazirliyinin qeyri-hökumət təşkilatları ilə işbirliyinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Vərəm, HİV və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun layihəsi çərçivəsində xidmət göstərən qeyri-hökumət təşkilatları Səhiyyə Nazirliyi və onun strukturu olan RQMM ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, UNAIDS, WHO, UNICEF, INDP və digər beynəlxalq təşkilatlarla ortaq fəaliyyət davam etdirilir.

Tədbirdə, həmçinin RQMM-nin Epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Səbuhi Əliyev “Azərbaycanda İİV-infeksiyası/QİÇS-lə bağlı epidemiolojı vəziyyət və mübarizə tədbirləri” Qəbul şöbəsinin müdiri Ədilə Rzayeva “Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə görə aparılan müayinələr və mövcud çətinliklər”, mərkəzin müalicə işləri üzrə mütəxəssisi Samirə Vəliyeva “İİV/QİÇS-lə bağlı müalicə və profilaktika tədbirləri” mövzularında təqdimatlarla çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.