CƏMİYYƏT
QMİ sədri: Azərbaycan insan cəmiyyətləri arasında həmrəyliyin və qardaşlığın möhkəmləndirilməsi yönündə bütün təşəbbüsləri dəstəkləyir
Bakı, 19 may, AZƏRTAC
Təəssüflər olsun ki, real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə rastlaşırıq. Ksenofobiya təzahürləri və nifrət çağırışları cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozur, böhran, qarşıdurma və nifaq yaradır. Müasir dövrümüzdə təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları bəşəri təhlükəyə çevrilərək soyqırımı cinayətlərinə gətirib çıxarmaqdadır. Dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu son günlərdə İsveç və Danimarkada “Qurani-Kərim”in yandırılması cəhdləridir ki, hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən ciddi şəkildə qınanmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində keçirilən “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfransda deyib.
Şeyxülislam bildirib: “Biz söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, nifrətə sövq edən, böhranların yaranmasında və münaqişələrin alovlanmasında dindən istifadə edən ekstremizmi, habelə antisemitizm, islamofobiya və xristianofobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını, hər hansı bir dinin ardıcıllarına qarşı zorakılıq və terror aktlarını qətiyyətlə pisləyirik. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasi məqsədlərlə sui-istifadəsindən irəli gəlir. Odur ki, dini icmaların müqəddəs saydıqları məqamlara qarşı hər hansı həqarətli hərəkətlər sanksiyaya məruz qalmalı, dindən sui-istifadə edən ekstremizmi rədd edən dəyərlər fəal şəkildə inkişaf etdirilməlidir”.
QMİ sədri vurğulayıb ki, Azərbaycan xalqı və dövləti dünyada insan cəmiyyətləri arasında həmrəylik və qardaşlıq bağlarının möhkəmləndirilməsi yönündə bütün səmimi təşəbbüsləri dəstəkləyir.