CƏMİYYƏT


QMİ sədri G20 Dinlərarası Forum çərçivəsində ABŞ-ın nüfuzlu xristian dini təşkilatının nümayəndələri ilə görüşüb VİDEO

Bolonya, 12 sentyabr, AZƏRTAC

İtaliyanın G20-yə sədrliyi çərçivəsində Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”da iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Yuta ştatında yerləşən İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin (Mormon kilsəsi) 12 Həvarinin Kvorumunun üzvü Ronald Raşband və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tərəflər arasında əlaqələrin inkişafının müzakirə olunduğu görüşdə QMİ sədri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının önəmini vurğulayaraq, bu istiqamətdə Mormon kilsəsini dəstək verməyə çağırıb.

Şeyxülislam A.Paşazadə Azərbaycanın 30 il ərzində erməni işğalında qalmış torpaqlarını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqımızın yenilməz iradəsi ilə azad etdiyini, Ermənistanın həmin ərazilərdə misli görülməyən vəhşilik və vandalizm aktları törətdiyini bildirib. Ermənistanın, xüsusilə erməni kilsəsinin münaqişəni həmişə dini zəminə çəkməyə çalışdığını, bununla da xristian dünyasının dəstəyini əldə etmək istədiyini bildirən şeyxülislam dünya ictimaiyyətinin bu əsassız cəhdlərə inanmadığını, münaqişənin dini zəmində olmadığının şahidinə çevrildiyini vurğulayıb.

Azərbaycanın tolerant və multikultural dəyərlərə sadiq qaldığını qeyd edən QMİ sədri Prezident İlham Əliyevin erməni işğalçılarının vandalizminə məruz qalan, mənsubiyyətindən asılı olmayaraq, bütün məbədlərin təmir və bərpa ediləcəyinə dair verdiyi bəyanatların buna ən parlaq sübut olduğunu vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə azad olunmuş torpaqlardakı erməni vandalizminin izlərinin və Azərbaycan tərəfindən aparılan bərpa işlərinin şəxsən şahidi olmaq üçün R.Raşbandı ölkəmizə səfərə dəvət edib.

Birləşmiş Ştatların nümayəndə heyətinin üzvləri öz növbələrində Azərbaycan həqiqətləri barədə məlumatlı olduqlarını, ölkəmizin dünyadakı mövqeyini dəstəklədiklərini bildiriblər.

Görüşdə qarşılıqlı tərəfdaşlığın daha da genişləndirilməsi üçün bu cür dialoq platformalarının əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov və Dağ yəhudiləri dini icmasının sədri Melix Yevdayev iştirak ediblər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Bolonya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.