ELM VƏ TƏHSİL
QUBADLI RAYONUNUN MƏKTƏBLƏRİNDƏ YENİ DƏRS İLİNƏ NÜMUNƏVİ HAZIRLIQ GÖRÜLMÜŞDÜR
Qubadlı rayonunun təhsil sahəsində yaxşı ənənələri vardır. Məcburi köçkünlük dövründə də həmin ənənələrin qorunub saxlanılması üçün kifayət qədər iş görülmüşdür. Son 5-6 ildə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda Qubadlı rayon təhsil şəbəkəsi üçün 12 məktəb binası tikilib istifadəyə verilmiş, iki uşaq musiqi məktəbi yeni bina ilə təmin edilmişdir.
Yeni dərs ilində rayonun 31 orta, 2 əsas, 1 ibtidadi məktəbində 6700 şagird təhsil alacaqdır. Şagirdlərin sayı işğaldan əvvəl rayonda təhsil alanların sayından artıqdır. Tədrisin keyfiyyət göstəriciləri də ilbəil yaxşılaşır. Bu il rayondan ali məktəblərə qəbul olunan 100 nəfərə yaxın məzunun çoxu 500-dən artıq bal toplamışdır.
Ötən ilin dekabr ayında Q.İlyasov adına Qubadlı şəhər 1 nömrəli orta məktəbinin 125 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin bu qocaman tədris ocağının kollektivinə təbrik məktubu, həmçinin müəllimlərə fəxri adların verilməsi və “Tərəqqi” medalı ilə təltif olunmaları barədə müvafiq sərəncamları təhsilin inkişafına dövlətimizin qayğısının əyani təsdiqi kimi qiymətləndirilmişdir.
Rayonun bütün tədris ocaqlarında yeni dərs ilinə hazırlıq işləri yüksək səviyyədə başa çatdırılmışdır. Süleyman Rəhimov adına Mahruzlu kənd orta məktəbinin direktoru Yusif Yusifov demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təhsil işçilərinin əmək haqlarının artırılması barədə 2008-ci il 1 sentyabr tarixli Sərəncamı pedaqoji kollektivimizdə böyük ruh yüksəkliyi doğurmuşdur. Dövlətimizin bu qayğısı hər bir müəllimin üzərinə daha məsuliyyətlə çalışmaq, şagirdlərə biliklərin əsaslarını dərindən öyrənmək məsuliyyəti qoyur. Bizim məktəb yeni dərs ilinə tam hazırdır. “Azərikimya” Dövlət Şirkəti məktəbimizin binasını yüksək səviyyədə əsaslı təmir etmişdir. Yeni dərs ilində şagirdlər daha işıqlı və səliqəli binada təhsil alacaqlar. Bu qayğıya görə şirkətin rəhbərliyinə minnətdarlığımızı bildiririk.
Qubadlı Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, “Azərikimya” Dövlət Şirkəti ilə yaxşı əlaqələr qurulmuşdur. Şirkət rayonun Sumqayıtda fəaliyyət göstərən daha 3 məktəbinin binasını əsaslı və cari təmir etmişdir. Kimyaçılar bu ənənəni davam etdirməyə söz vermişlər. Bu il Qubadlı məktəbliləri də pulsuz dərsliklə təmin olunacaqlar. Birincilərə isə həm də Heydər Əliyev Fondunun göndərdiyi çantalar və dərs ləvazimatı veriləcəkdir.