REGİONLAR
QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 7-də Bakının “Təzə bazar” MMC, 6 nömrəli ticarət mərkəzi, Sabunçu və Badamdar qəsəbələrinin ərazilərində quşçuluq məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin və Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri yarmarkalar paytaxt əhalisinin bu məhsullara tələbatının daha dolğun ödənilməsi və qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir.
“Təzə bazar” MMC-nin ərazisindəki yarmarkada alıcılara İmişli, Siyəzən, Hacıqabul, Xızı rayonlarının, Giləzi və digər quşçuluq müəssisələrinin məhsulları - toyuq əti, yumurta təklif olunurdu.
Mərdəkan broyler fabrikinin işçisi İlqar Əsgərov satışa 250 kiloqram toyuq əti çıxarmışdı. Növlərinə görə onun kiloqramını 2 manat 20 qəpiyə-2 manat 70 qəpiyə, içalatı isə 2 manat 20 qəpiyə verirdi. Giləzi quşçuluq şirkətindən Sabir Qarayev, Goradil fabrikindən Rahib İgidov və başqaları yumurtanın birini 12 qəpiyə satırdılar.
ARDNŞ-in işçisi Fazil Ələsgərov hər həftə buradan bazarlıq etdiyini, quş əti və yumurtanın keyfiyyətli, qiymətlərinin münasib olduğunu bildirdi.
İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, bu gün şəhərin yarmarkalarında satışa 10 ton toyuq əti və 200 minə yaxın yumurta çıxarılmışdır. Satış-yarmarkalar şənbə və bazar günləri də davam etdiriləcəkdir.