REGİONLAR
“QUŞ QRİPİ” VƏ DİGƏR YOLUXUCU XƏSTƏLİKLƏRLƏ MÜBARİZƏ DİQQƏT MƏRKƏZİNDƏDİR
Respublikanın ən böyük şirin sututarlarının yerləşdiyi əraziyə daxil olan Mingəçevir və Varvara su anbarları, karyer bölgəsi, Yuxarı Qarabağ kanalı və Kür çayının Mingəçevirdən keçən hissəsində, şəhərdəki quşçuluq müəssisələrində və fərdi təsərrüfatlarda keçirilən monitorinq nəticəsində köçəri quşlar və ev quşları arasında xəstəlik halları aşkar edilməmişdir. Monitorinq zamanı köçəri quşların bu ərazilərdə gecələməsi və uçub getməsi, ölmüş və xəstə quşların, eləcə də qanunsuz ov edənlərin olub-olmaması, ev quşlarının qapalı şəraitdə saxlanılması halları yoxlanılmış, diri quşlar ovlanaraq müayinə edilmişdir.
Xəstəliklə bağlı qabaqlayıcı tədbirlər kimi ticarət mərkəzlərində diri quşların satışı qadağan edilmişdir. Şəhərin bütün idarə və müəssisələrində, ali və orta təhsil ocaqlarında “quş qripi” ilə əlaqədar mütəmadi maarifləndirmə işi aparılır.
Bu günlərdə Mingəçevir şəhərinin ətraf yaşayış məntəqələrində fəaliyyət göstərən fərdi və kollektiv heyvandarlıq, quşçuluq təsərrüfatlarında yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Qara yara, dabaq, quşların taunu xəstəliklərinə qarşı aparılan peyvəndləmə işlərinə yerli bələdiyyənin nümayəndələri də cəlb olunmuşlar.
Bu tədbirlər martın sonunadək davam etdiriləcəkdir. Bununla əlaqədar Dövlət Baytarlıq Təchizatı Birliyi yerli baytar həkimləri lazımi dezinfeksiya maddələri, dərman preparatları və xüsusi qoruyucu geyimlərlə təmin etmişdir.