ELM VƏ TƏHSİL
Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir
Bakı, 10 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 10-da saat 15:00-a olan məlumata əsasən, V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarından müvəffəq qiymət almış 1517 abituriyent artıq ixtisas seçimi edib. Onlardan 1302-si Azərbaycan, 215-i isə rus bölmələrində təhsil alacaq abituriyentlərdir.
Həmin abituriyentlər elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiqləməlidirlər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.
Xatırladaq ki, beşinci ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 10-u saat 23:59-da başa çatacaq və qeyd olunan müddət uzadılmayacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxtadək öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.