CƏMİYYƏT
Qaçqın və məcburi köçkün gənclərin V yaradıcılıq festival-müsabiqəsi keçirilib
Bakı, 4 dekabr, Həsrət Mahmudova, AZƏRTAC
Dekabrın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında qaçqın və məcburi köçkün gənclərin V yaradıcılıq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və qala-konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, festival-müsabiqənin keçirilməsində əsas məqsəd qaçqın və məcburi köçkün gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirilməsinə kömək göstərilməsi, onlara dövlət qayğısının daha da artırılması və asudə vaxtlarının səmərəli təşkilidir.
Festival-müsabiqənin münsiflər heyətinin üzvü, Əməkdar artist Gülüstan Əliyeva çıxış edərək bildirib ki, istedadlı gəncləri üzə çıxarmaq hər birimizin borcudur. Belə tədbirlər gənclərə böyük stimul verir, onların yaradıcılıq yollarında uğur qazanmalarına böyük dəstəkdir. Bu cür festival-müsabiqələrin Azərbaycanın bölgələrində də təşkilinin vacibliyini qeyd edən G.Əliyeva bildirib ki, regionlarda xeyli sayda istedadlı gənclərimiz var. Onlara da dəstək olmaq, potensiallarını üzə çıxarmaq və inkişaf etdirmək lazımdır.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışında ölkəmizdə istedadlı gənclərin üzə çıxarılması, onların potensiallarının, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və təbliği baxımından belə festivalların ənənəvi olaraq keçirildiyini deyib: “Bu cür müsabiqələr Azərbaycanın mədəni irsinin gənclərimiz tərəfindən qorunması, təbliğ olunması və inkişaf etdirilməsi məqsədilə təşkil olunur. Eyni zamanda, işğal altındakı torpaqlarımızın hər küçəsinin, hər məhəlləsinin unudulmaması, gənclərin yaddaşına həkk olunması da belə tədbirlərin əsas məqsədlərindəndir. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasət nəticəsində tezliklə doğma torpaqlarımıza qayıdacağıq”.
Sonra qaçqın və məcburi köçkün gənclərin V yaradıcılıq festival-müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mərasim qala-konsert ilə başa çatıb.