CƏMİYYƏT
Qaçqın və məcburi köçkün vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üzrə daha bir səyyar xidmət keçirilib
Bakı, 16 may, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun əməkdaşları rayon ərazisində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmət keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə keçirilən tədbir Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisindəki qaçqın və məcburi köçkün şəhərciyində baş tutub. Karantin rejimi qaydaları gözlənilməklə həyata keçirilən səyyar xidmət zamanı ümumilikdə 72 vətəndaşın sənədləri qəbul edilib. Onların arasında azyaşlılar da olub.
Tədbirdə əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmayıb. Polis əməkdaşları həmin insanların yaşadıqları ünvanlara gedərək onları yeni şəxsiyyət vəsiqəsi ilə təmin etmək üçün müvafiq sənədlərini toplayıblar.
Sakinlər göstərilən bu diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Saatlı Rayon Polis Şöbəsinin kollektivinə təşəkkürlərini bildiriblər.