CƏMİYYƏT


Qaçqınlar və sığınacaq axtaranlara həsr edilmiş “dəyirmi masa” təşkil edilib

Bakı, 11 oktyabr, AZƏRTAC 

Dövlət Miqrasiya Xidmətinin (DMX), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin və Avropa Şurasının Azərbaycandakı ofisinin təşkilatçılığı ilə “Qaçqınların və sığınacaq axtaranların çıxarılmadan və məcburi geriqaytarılmadan himayəsi; sığınacaqla bağlı işlərdə məhkəmə qərarları” mövzusunda “dəyirmi masa” keçirilib.

DMX-dən AZƏRTAC-a verilən məlumata görə, Xidmətin rəisi Vüsal Huseynov “dəyirmi masa”da çıxış edərək bildirib ki, dünyanın bir çox ölkələrində yeni münaqişə ocaqlarının yaranması nəticəsində qaçqınların və köməyə ehtiyacı olan insanların sayı günbəgün artır. Respublikamız bu həssas kateqoriya ilə bağlı beynəlxalq konvensiyalara qoşulub. Ötən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın işğalçı siyasəti nəticəsində ərazisində bir milyondan çox qaçqının və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan Respublikası üçüncü ölkələrdən olan sığınacaq axtaran şəxsləri qəbul edir. Beynəlxalq öhdəliklərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən zəruri addımlar atılır, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qaçqın statusu almaq üçün müraciət etməyə, onlara ölkədə təhlükəsiz yaşamağa hər bir şərait yaradılır. Hazırda Azərbaycan Hökuməti tərəfindən qaçqın statusu verilmiş üçüncü ölkə vətəndaşları olan əcnəbilərin sayı 75 nəfər təşkil edir.

Tədbirdə Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Zoltan Hernyes, BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso mövzu ilə bağlı beynəlxalq təcrübə və həyat keçirilən tədbirlər barədə danışıblar.

Müzakirələrdə Azərbaycanda mövcud miqrasiya və sığınacaq kontekstinə dair təqdimat keçirilib, Avropa Şurası miqrasiya və sığınacaq kontekstində müvafiq alət və standartlar haqqında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.