CƏMİYYƏT
Qadağan olunan birdəfəlik plastik qabları əvəz edən alternativ məhsul istehsalçılarının sayı artır
Bakı, 7 iyul, AZƏRTAC
Qadağan olunan birdəfəlik plastik qablardan imtina və alternativlərdən istifadə mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyində iri ictimai-iaşə müəssisələrinin nümayəndələri və istehsalçılarla görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların istehsalı, idxalı, satışının qadağan edilməsi və onları əvəz edən alternativlərdən istifadənin genişləndirilməsi ilə bağlı mövcud vəziyyət müzakirə edilib.
Qeyd olunub ki, ölkəmizdə bir neçə ildir plastikləri əvəzləyən məhsulların idxalı, istehsalı və satışı ilə bağlı sahibkarlar tərəfindən işlər görülür və qadağan olunan birdəfəlik plastik qabları əvəz edən alternativ məhsul istehsalçılarının sayı artmaqdadır.
Sonda Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat nazirliklərinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib. Qadağan olunan birdəfəlik plastik qabların alternativlərinin istehsalının artırılması istiqamətində daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsinin davam etdiriləcəyi vurğulanıb.