CƏMİYYƏT


Qadın uzun intizardan sonra yenidən analıq sevincini yaşayıb

Bakı, 31 yanvar, AZƏRTAC 

Otuz dörd yaşlı qadın uzun intizardan sonra yenidən analıq sevincini yaşayıb.

14 illik evlilikdən sonra dörd uğursuz hamiləlik və 5 il ikincili sonsuzluğa görə Azərbaycan Tibb Universitetinə müraciət edən qadın Universitetin Tədris Cərrahiyyə Klinikasının həkimlərinin sayəsində yenidən ana olmaq sevincini yaşayıb.

Klinikanın I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi, mama-ginekoloq və endokrinoloq Natəvan Axundova AZƏRTAC-a bildirib ki, qadının ilk hamiləliyi 12-ci, sonrakı iki hamiləliyi isə 6-7-ci həftələrdə inkişafdan qalıb: “Qadının dördüncü hamiləliyi 2011-ci ildə qeysəriyyə kəsiyi əməliyyatı ilə nəticələnib və o dünyaya 3700 qram çəkisində uşaq gətirib. Həmin doğuşdan olan uşaq sağlamdır.

Beş il əvvəl isə qadın xaricdə müalicə aldıqdan sonra dünyaya daha bir uşaq gətirib. Lakin 4-cü xromosomun qısa çiyninin delesiyası ilə qüsurlu doğulan uşaq 50-ci sutkada ölüb. Klinikaya müraciət edəndən sonra bir sıra müayinələr aparılıb, yumurtalığın rezerv imkanları öyrənilib və nəticələrə uyğun müalicələr aparılıb. Qadın müalicədən sonra hamilə qalıb. Hamiləliyin əvvəlindən mikroionizə olunmuş progesteron, aşağı molekul çəkili heparinin profilaktik dozalarını qəbul etməsinə baxmayaraq, bir neçə dəfə düşük, vaxtından əvvəl doğuş təhlükəsi diaqnozu ilə hospitalizasiya edilib. Görülən tədbirlər sayəsində hamiləlik qorunub saxlanılıb. Hamiləliyin 18-ci həftəsində ultrasəs müayinəsi aparılıb və dölün başında koroid pleksusda 5x5 millimetr ölçüdə ikitərəfli sist aşkarlanıb. Bu zaman amniosentez tətbiq olunub. Nəticədə dölün kariotipinin normal olması müəyyən edilib. Nəhayət, uzun intizardan sonra 6-cı hamiləlik 37- 38 həftəlikdə çəkisi 3 kiloqram 450 qram, boyu 51 santimetr olan uşağın doğulması ilə nəticələnib. Ana və körpə artıq evə yazılıb”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.