İDMAN
Qadınlar arasında voleybol üzrə Avropa çempionatı: Belarus millisi pley-offda Çexiyaya qalib gəlib
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində pley-off görüşlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında günün ilk qarşılaşması Belarus və Çexiya voleybolçuları arasında keçirilib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda ilk set çexiyalı voleybolçuların qələbəsi ilə başa çatıb - 25:18. Çexiya millisi ikinci setdə də Belarus komandasının inadlı müqavimətinə baxmayaraq, 25:23 hesabı ilə üstün olub. Olduqca gərgin idman mübarizəsinin aparıldığı üçüncü seti Belarus yığması 27:25 hesabı ilə öz xeyrinə başa vurub. Belarus voleybolçuları dördüncü setdə də üstünlüyü əldən verməyərək 25:22 hesabı ilə qalib gəliblər. İnamlı oyunu ilə beşinci seti 17:15 hesabı ilə öz xeyrinə başa vuran Belarus millisi ümumi hesabda qalib gələrək (3:2) dörddəbir finala vəsiqəni təmin edib.
Belarus voleybolçuları dörddəbir final mərhələsində Serbiya kollektivi ilə qarşılaşacaq.