İDMAN
Qadınlar arasında voleybol üzrə dünya çempionatı: ABŞ və Rusiya komandaları növbəti mərhələyə vəsiqə qazanıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Yaponiyada keçirilən qadınlar arasında voleybol üzrə dünya çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alan ABŞ və Rusiya komandaları növbəti mərhələyə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, bu, ABŞ yığmasının Koreya Respublikası millisi üzərindəki qələbəsindən sonra məlum olub. “C” qrupu çərçivəsində bu gün keçirilən ABŞ – Koreya qarşılaşması 3:1 hesabı ilə başa çatıb. Hazırda ABŞ komandası 9 xalla qrupun lideridir, Rusiya yığması 8 xalla ikinci yeri tutur. Sonrakı yerlərdə Tailand (6 xal), Azərbaycan (3 xal), Koreya Respublikası (1 xal) qərarlaşıb. Trinidad və Tobaqo komandası keçirdiyi üç oyunun hamısında məğlub olub.
Xatırladaq ki, qaydalara əsasən qrupda ilk dörd yeri tutan komanda növbəti mərhələyə adlayacaq. “C” qrupunda Azərbaycan, Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo, Koreya Respublikası yığmaları mübarizə aparırlar.
Voleybolçularımız oktyabrın 3-də Trinidad və Tobaqo yığması ilə qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 08:40-da başlayacaq.
Komandamız qrup çərçivəsində sonuncu oyununu oktyabrın 4-də Tailand millisinə qarşı keçirəcək.