ELM VƏ TƏHSİL
Qafqaz-İran bölgəsində seysmik təhlükənin qiymətləndirilməsi dəqiqləşdirilib
Bakı, 29 fevral, AZƏRTAC
Ocaq zonalarında qırılma strukturların və güclü zəlzələlərdən qabaq müşahidə edilən seysmogeodinamik proseslərin çoxillik tədqiqatları nəticəsində Qafqaz-İran bölgəsində güclü zəlzələlərin ehtimal olunan yerlərinin proqnozu və onların yüksək ehtimalla başvermə vaxtının qiymətləndirilməsi istiqamətində maraqlı elmi nəticələr alınıb.
Bunu AMEA Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclasında məruzə edən Müasir geodinamika və kosmik geodeziya şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat üzrə elmlər doktoru Oqtay Babazadə deyib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim məruzəsində litosfer plitələrin, mikroplitələrin və yer qabığı bloklarının qarşılıqlı kinematik və dinamik hərəkətlərinin təhlili, zəlzələlərin potensial ocaqlarının tədqiqatı məqsədilə geniş geoloji-geofiziki və seysmogeodinamik məlumatların toplanıldığını qeyd edib. Bildirib ki, alınmış nəticələr jurnal və toplularda dərc olunub.
O.Babazadənin “Yeni seysmoloji strategiya əsasında Qafqaz-İran bölgəsi üçün zəlzələlərin praktik proqnozu” mövzusunda məruzəsi bu zəlzələlərin geomexaniki və fiziki proseslərinin tədqiqatı üzrə yanaşmaların öyrənilməsinə və seysmik təhlükənin qiymətləndirilməsinin dəqiqləşdirilməsinə həsr olunub.