QAN YADDAŞI
Qafqazşünaslıq İnstitutunda mart soyqırımının 100 illiyinə həsr olunan “dəyirmi masa” təşkil edilib
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı törətdikləri soyqırımının 100 illiyinə həsr olunan “dəyirmi masa” keçirilib.
Qafqazşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı 31 mart soyqırımının səbəbləri, nəticələri və ibrət dərslərindən danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin imzaladığı müvafiq Fərmana əsasən 1998-ci ildən etibarən 31 mart ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Tədbirdə, həmçinin Prezident İlham Əliyevin imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamın əhəmiyyətindən danışılıb.
“Dəyirmi masa”da Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov, həmin şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə və digər çıxış edənlər 31 mart soyqırımında xalqımıza qarşı törədilən vəhşiliklərdən danışıblar.