CƏMİYYƏT
“Qaliblər düşərgəsi” zəngin proqramı ilə davam edir
Bakı, 8 iyul, AZƏRTAC
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün təşkil olunan “Qaliblər düşərgəsi”nin üçüncü günündə iştirakçılar Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, qaliblər qeyri-adi, mürəkkəb quruluşa malik möhtəşəm binada - Bakının rəmzlərindən biri olan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.
“Azərbaycan inciləri” sərgisi, qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, etnoqrafik məmulatlar, numizmatik əsərlər, milli geyim və zərgərlik nümunələri ilə tanışlıq düşərgə iştirakçılarının böyük marağı ilə qarşılanıb.
Düşərgədə, həmçinin rəsm müsabiqəsinə start verilib. Qaliblər bacarıqlarını nümayiş etdiriblər. Bundan başqa, onlar Zəhra Həşimova tərəfindən “Yaddaşımı necə gücləndirim?”, Məlahət Kazımbəyovanın təqdimatında isə “Öz gələcəyimi necə qurmalıyam?” mövzularında təlimlərə qatılıblar.
Günün sonunda animatorların çıxışı iştirakçılarda xoş təəssürat yaradıb.