SİYASƏT
Qalisiya xəbər portalında Azərbaycan Respublikası Günü haqqında məqalə dərc edilib
Madrid, 2 iyun, AZƏRTAC
Qalisiyanın “galiciadigital.com” xəbər portalında 28 May – Azərbaycan Respublikası Gününə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllifi İspaniyada çıxan “Style International” qəzetinin diplomatiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Eduardo Quaylupo olan materialda 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın – demokratiya prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi tarixi barədə məlumat təqdim olunur.
Qeyd edilir ki, 1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa edib. Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası çətin sınaqlara məruz qalıb. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı yürüdülən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın ərazisinin 20 faizi işğal edilib, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
İspan nəşri yazır ki, o mürəkkəb dövrdə Azərbaycan xalqının israrlı tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. Ümummilli Liderin müdrik siaysəti və zəngin təcrübəsi sayəsində qısa müddətdə ölkədə sabitlik bərqərar oldu. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvü oldu.
Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə Dağlıq Qarabağ münaqişəsi məsələsi bu beynəlxalq təşkilatların qarşısında qaldırıldı.
Eduardo Quaylupo oxucuların diqqətinə çatdırır ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş hərbi təcavüz və terror aktları xalqımızın iradəsini qıra bilmədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Azərbaycanın işğal edilmiş ərazilərini, o cümlədən Azərbaycan mədəniyyətinin beşiyi sayılan qədim Şuşa şəhərini azad etdi.
Müəllif yazır ki, Ermənistan tərəfindən təqribən 30 il müddətində işğal edilmiş əzəli Azərbaycan torpaqları azad ediləndən sonra regionda sülh və sabitlik bərqərar olub. Azərbaycanın Ermənistan tərəfindən viran edilmiş regionlarında yeni dövr – bərpa və inkişaf dövrü başlanır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid