REGİONLAR
Qanlı Yanvar hadisələrinin şahidi: Sanki əliyalın insanlardan qisas alırdılar
Yevlax, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azadlıq eşqi ilə imperiya ordusunun qarşısına çıxan xalqımız şəhidlər verdi, amma müstəqillik arzusundan geri çəkilmədi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində yanvarın 20-də Yevlaxdakı Şəhidlər xiyabanını ziyarətə gəlmiş rayonun Səmədabad kənd sakini, 20 Yanvar hadisələrinin şahidi Cahid Nəbiyev söyləyib.
Cahid Nəbiyev o qanlı gecədə yaşananları xatırlayaraq deyib: “O vaxt indiki Dövlət İqtisad Universitetinin ikinci kursunda təhsil alırdım. Qanlı hadisələr baş verən gecə metronun “Gənclik” stansiyasının yaxınlığında idik. Eşitdik ki, hərbçilər Leytenant Şmidt adına zavod tərəfdən hərəkətə keçiblər. Onların qarşısını kəsmək üçün həmin istiqamətə yollandıq. Ora çatanda bizi atəşə tutmağa başladılar. Ölən və yaralananlar oldu. Həmin hadisədə mən də sol çiynimdən yaralandım. Özü də açılan güllələr qadağan olunmuş 5,45 çaplı güllələr idi. Bizi xəstəxanaya apararkən yolda avtomobilimizi də atəşə tutdular. Sanki əliyalın insanlardan qisas alırdılar”.
O bildirib ki, xəstəxanada ölən və yaralılardan yer yox idi. Həkimlər ən ağır yaralıları seçib əməliyyat stoluna aparırdılar. Tibb Universitetinin tələbələri yaralılara yardım göstərir, həkimlərə kömək edirdilər.
C.Nəbiyev qeyd edib ki, yanvarın 20-si matəm günü kimi deyil, xalqımızın qəhrəmanlıq günü kimi qeyd edilməlidir. Çünki bugünkü azadlığımız məhz həmin şəhidlərin qanı bahasına qazanılıb.