QAN YADDAŞI
Qanlı Yanvar şəhidlərinin xatirəsi Londonda da anılıb
London, 21 yanvar, AZƏRTAC
Londonda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Londonda fəaliyyət göstərən Azərbaycan dostluq və mədəniyyət evinin təşkil etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 20 Yanvar faciəsinin səbəbləri və nəticələri haqqında məlumat verib. Qeyd edilib ki, həmin dövrdə bir çox sovet ölkəsində oxşar hadisələr baş verib, lakin bunlardan ən qanlısı demək olar ki, məhz Bakıda həyata keçirilib. Əvvəlcədən planlaşdırılmış bu qanlı hadisə xalqımızın azadlıq əzminin sındırılmasına yönəldilmişdi. Lakin bu əməli törədənlər məqsədlərinə nail ola bilmədilər və xalqımız öz azadlığını və müstəqilliyini qurbanlar bahasına geri almağa nail oldu.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərini heç vaxt unutmayacaq, çünki bizlər bu gün müstəqil və azad yaşayırıqsa, bu, onların sayəsindədir.
Digər çıxış edənlər Azərbaycan evinin rəhbəri Əli Təkin Atalar, Britaniyada fəaliyyət göstərən “Aloff” teatrının prodüseri Sənan Əliyev, azərbaycanlı hüquqşünas Kamran Balayev 1990-cı il 20 yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və mövcud rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən söhbət açıblar, konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının gülləbaran edilməsindən danışıblar.
Sonra Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub.
Mərasimdə şəhidlərimizin əziz xatirəsinə tarda ifalar səsləndirilib, ehsan süfrəsi açılıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London