CƏMİYYƏT


Qanunun tələblərinin icrası diqqət mərkəzindədir

Bakı, 9 oktyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlayır, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birlikdə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə - təhsil və tərbiyə, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, idman yarışlarının və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, metropolitenin stansiyalarında, keçidlərində, platformalarında və vaqonlarda, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda, avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, _etkinlik_rda, yanacaqdoldurma məntəqələrində monitorinqlər keçirilib, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılıb.

Maarifləndirmə tədbirləri çərçivəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun 11-ci maddəsinin 11.4-cü bəndinə əsasən, müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı DİN-in 102 Xidmətinə və www.mia.gov.az elektron saytına müraciət etmək hüququnun olması barədə vətəndaşlara, fiziki və hüquqi şəxslərə, fərdi sahibkarlara məlumat verilib.

Ümumilikdə, cari ilin doqquz ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 1923, tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satdıqlarına görə 224 nəfər İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub. Onlara tətbiq edilmiş cərimələrin ümumi məbləği 79 min 550 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər ardıcıl həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.