DÜNYA
Qaqauziya başqanı COVID-19-a qarşı mübarizədə yardım üçün Türkiyəyə gedib
Kişineu, 23 fevral, AZƏRTAC
Qaqauz Yeri Muxtar Ərazi Qurumunun başqanı İrina Vlax Türkiyədə işgüzar səfərdədir. Səfərin məqsədlərindən biri COVID-19 epidemiyasına qarşı mübarizədə Muxtar Əraziyə əlavə dəstək göstərilməsi, o cümlədən COVID əleyhinə vaksinlərin tədarük edilməsidir.
AZƏRTAC xəbər verir ki, İrina Vlax özünün “Facebook” səhifəsində səfərin birinci günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdüyünü qeyd edib. Görüşdə pandemiya ilə mübarizə mövzusu müzakirə edilib. Başqan nazirə 2020-ci ilin avqustunda Qaqauziyaya etdiyi səfərə görə minnətdarlığını bildirərək, Komratda Türkiyənin Baş konsulluğunun açılmasının əhəmiyyətini vurğulayıb. Tərəflər Muxtar Ərazi Qurumunun paytaxtında çoxfunksiyalı idman kompleksinin tikintisinin başa çatmasının müzakirə ediblər. Başqan Çavuşoğlunu kompleksin açılışına dəvət edib.
Vlax Muxtar Ərazilərin effektli modellərinin funksionallığı və yaradılması mövzusunda ATƏT-in Ali komissarının himayəsi ilə beynəlxalq konfransın keçirilməsi planları barədə də diplomata söhbət açıb.
Tərəflər qaqauz dilinin inkişafına dəstək və yeni metodik vəsaitlərin nəşri məsələlərinə də toxunublar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu