REGİONLAR
Qar örtüyü kənd təsərrüfatında həm də ziyanvericilərə qarşı təbii mübarizə rolunu oynayır VİDEO
İmişli, 11 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Yeni ilin ilk on günlüyündə ölkə ərazisində havanın qarlı keçməsi əkin sahələrində gələcək məhsuldarlığın xəbərvericisidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 8-dən 9-na keçən gecədən başlayan qar Mil-Muğan bölgəsini də ağ örpəyə bürüyüb. Bu hava şəraiti həm də kənd təsərrüfatı üçün vacibdir.
Qarın taxıl örtüyünə, bağlara, şum sahələrinə olan faydaları barədə danışan aqronom Orxan Məmişov deyir ki, qar örtüyü taxıl sahələri üçün əhəmiyyətli sayılır: “Mühafizə örtüyü rolu oynayan qar həm də su ehtiyatını əvəz etdiyi üçün taxılın bar saçaqlarının inkişafında xüsusi rol oynayır. Bununla bərabər, torpaqda olan ziyanvericilərə qarşı təbii mübarizə sayılır. Xüsusilə çoxillik yonca bitkiləri sahələrində qar örtüyü siçovul və digər ziyanvericilərə qarşı mübarizə kimi əhəmiyyətlidir. Qar örtüyü yazlıq əkinlər - pambıq, bostan, digər bitkilər üçün aparılan birinci şum üçün qış aratını əvəz edir. Bu da torpağın münbitləşməsində, şumun oturuşmasında faydalıdır”.
Aqronomun sözlərinə görə, qar qış şumu aparılan sahələrdə alaq otaqlarını qidalandırır və inkişafını sürətləndirir. Bu da növbəti şum aparılan zaman alaq otlarının məhv olmasına gətirib çıxarır.
Qar örtüyünün bağçılıqda olan faydaları da az deyil. “Qarlı-şaxtalı havaların olması ağacların qış yuxusuna getməsinə səbəb olur və bir növ ağaclar istirahət edir. Belə olduqda yaz fəslində ağaclar daha qüvvətli oyanır, yaxşı çiçəkləyir. Bundan başqa, bağda olan ziyanvericilər qışda daha çox aktiv olur və ağac qabığında, kökündə özünə məskən salır. Belə hava şəraiti isə həmin həşəratların və ziyanvericilərin məhv olmasına müsbət təsir edir”, - deyə o əlavə edib.