İQTİSADİYYAT


“Qara şəhər” adlandırılan ərazinin abadlaşdırılması şəhərsalmanın dialektikası kimi qiymətləndirilməlidir

Bakı, 10 dekabr (AZƏRTAC). Bakının ekoloji cəhətdən ən yararsız, neft və neft tullantıları ilə çirklənmiş “Qara şəhər” adlanan ərazisində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi - “Ağ şəhər” salınacaqdır. 

AZƏRTAC-ın müxbiri layihənin paytaxtın məhz bu ərazisində həyata keçirilməsinin səbəbləri ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevə müraciət etmişdir.

Komitə rəsmisi bildirmişdir ki, Bakı buxtasının mərkəzi hissəsində yerləşən “Qara Şəhər”in dirçəlməsi üçün indiyədək görünməmiş perspektiv yaranmışdır. Ən başlıcası isə odur ki, paytaxtımızda tarixən “Qara şəhər” adlandırılan ərazinin abadlaşdırılması şəhərsalmanın dialektikası kimi qiymətləndirilməlidir. Digər tərəfdən demək lazımdır ki, bu ərazinin hələ ötən XIX əsrdən - ilk neft bumu dövründən başlayaraq yararsız vəziyyətə salınmışdır.

Təxminən 221 hektar ərazini əhatə edən “Qara şəhər” yalnız görkəmi ilə deyil, elə mahiyyət etibarı ilə də bu statusu daşıyırdı. Həm radiasiya fonu yüksək idi, həm də oradakı hava şəhərin digər yerlərinə nisbətən daha çox çirklənmiş olurdu. Həmin ərazidə yaşayan insanların səhhətinə, Buxtanın çirklənməsinə mənfi təsir edirdi.

Bu baxımdan “Ağ şəhər” layihəsi bir örnək kimi dəyərləndirilməlidir. Layihənin mühüm cəhətlərindən biri də odur ki, onun müəllifləri həm də onun meneceri kimi çıxış edəcəklər. Azərbaycanda reallaşdırılan dənizdə şəhərdən (“Xəzər islands”) əsas fərqli cəhəti ondadır ki, ərazinin özünün ekoloji cəhətdən sağlamlaşması prosesi gedəcək, həm də bununla əraziyə yeni ab-hava gətiriləcəkdir. Burada hündürmərtəbəli binaların sayı minimuma endiriləcəkdir.

Belə ki, əksər binalar 5-6 mərtəbədən ibarət olacaq, bu da şəhərin mühitinə yaxşı təsir edəcəkdir. Eyni zamanda tikinti sıxlığının aşağı olması sakinlərin istirahəti və işləməsi üçün normal şərait yaradacaqdır. “Bakı Ağ şəhər”də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.