ORDU
“Qarabağ Azərbaycandır!” devizi altında internet müsabiqəsi keçirilib VİDEO
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” devizi altında yeddi nominasiya üzrə hərbi vətənpərvərlik mövzusunda internet müsabiqəsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi işğaldan azad edilmiş torpaqlar uğrunda canlarından keçən döyüşçülərin igidliklərini tərənnüm etmək olub. İnternet istifadəçilərinin böyük marağına səbəb olan müsabiqəyə nominasiyalar üzrə 101 iştirakçı qoşulub.
Azərbaycan vətəndaşları ilə yanaşı, xarici ölkələrdən də müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçənlər olub. Müsabiqənin keçirildiyi müddətdə 300 mindən çox baxış sayı olub. Səsvermədə ümumilikdə 151 minə yaxın şəxs iştirak edib. Yeddi nominasiya üzrə həyata keçirilən müsabiqədə onlayn səsvermə nəticəsində 44 qalib müəyyənləşdirilib.
Müsabiqədə qalib gəlmiş iştirakçılar diplomla mükafatlandırılıb və onlar üçün ekskursiyalar təşkil edilib.