CƏMİYYƏT
“Qarabağ Azərbaycandır!” mövzusunda növbəti onlayn tədbir keçirilib
Bakı, 31 may, AZƏRTAC
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” mövzusunda növbəti onlayn tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə və qazilərimizə həsr olunan görüşdə şəhid Zəmanət İbrahimovun anası Səidə xanım və həyat yoldaşı Sevinc xanım, şəhid Vəli Quliyevin xalası Gülnarə xanım, qazilərimizdən Kamil Musəvi və Namiq Seyfəddinli iştirak ediblər.
Şəhid ailələrinin üzvləri çıxışlarında şəhidlərimizin keçdikləri həyat yolundan, Vətən sevgisindən, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıblar.
Sonra qazilər çıxış edərək döyüş yoldaşlarının qəhrəmancasına vuruşduqlarından bəhs edib, onlarla bağlı xatirələrini bölüşüblər.
Sonda gənclərin sualları cavablandırılıb.
İctimai Birlik bu istiqamətdə tədbirləri davam etdirir.