CƏMİYYƏT
Qarabağ bölgəsi üzrə hava proqnozlarının verilməsi işğal dövründə də bir gün belə dayandırılmayıb
Bakı, 13 aprel, AZƏRTAC
Qarabağ bölgəsi üzrə hava proqnozlarının verilməsi işğal dövründə də bir gün belə dayandırılmayıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi mediatur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, 30 il ərzində işğalçılar Qarabağdakı çaylarımızı çirkləndirib, unikal fauna və floranı, tarixi abidələri, məhv ediblər: "Qarabağın işğalda olan hər bir rayonu üzrə proqnozları verərkən biz ümidimizi kəsmirdik. Əmin idik ki, o gün gələcək, torpaqlarımız işğaldan azad olunacaq və proqnozlarımızdan bizim vətəndaşlar istifadə edəcəklər.
Bu xoşbəxt günü bizə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz yaşatdı və torpaqlarımız qayıtdı. Bu gün biz qürur duyuruq ki, Qarabağ bölgəsi üçün verdiyimiz hava proqnozlarımızdan bizim hərbçilərimiz və oranı bərpa edən mütəxəssislərimiz faydalanır. Gələcəkdə də hidrometeoroloji məlumatlar dirçələn Qarabağda iqtisadiyyatın müxtəlif sahələrinin səmərəli planlaşdırılmasında xidmət edəcək".