İDMAN


“Qarabağ” komandası səfərdə “Sumqayıt”a qalib gəlib

Bakı, 13 avqust, AZƏRTAC

Bu gün futbol üzrə Misli Premyer Liqasının 2-ci turu çərçivəsində günün ilk matçında “Qarabağ” komandası səfərdə “Sumqayıt”la qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, baş hakim Tural Qurbanovun idarə etdiyi görüşdə son çempion “Qarabağ” rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı (94+3) və Filip Ozobiç (98+7) fərqləniblər.

“Kapital Bank Arena”da keçirilən matçda “Qarabağ”ın heyətində meydana Luka Quqeşaşvili, Riçard Almeyda, Filip Ozobiç, Abbas Hüseynov, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Julio Romao, Leandro Andrade, Musa Qurbanlı və Kvabena Ovusu çıxıblar.

Beləliklə, mövsümü böyük hesablı məğlubiyyətlə başlayan meydan sahibləri bu matçda da uduzublar. Qonaq komanda isə cari çempionatda ardıcıl ikinci dəfə qələbə qazanıb.

Bu oyundan sonra xallarının sayını altıya çatdıran Ağdam klubu “Sabah”la birgə turnir cədvəlində birinci-ikinci yerləri bölüşür. İki oyundan sonra xal qazana bilməyən Sumqayıt şəhərinin təmsilçisi isə sonuncu pilləni tutur.

Günün digər matçı Bakıda “ASCO Arena”da ilk turda uduzan komandaların duelində “Səbail” və “Turan Tovuz” arasında keçiriləcək. Bu, debütant “Turan Tovuz”un Premyer Liqada ilk səfər görüşü olacaq.

Xatırladaq ki, turun açılış oyununda “Zirə” komandası “Dalğa Arena”da “Sabah”a 1:3 hesabı ilə məğlub olub.

Tura avqustun 14-də təşkil olunacaq “Qəbələ”–“Şamaxı” və “Neftçi”–“Kəpəz” matçları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.