MƏDƏNİYYƏT
“Qarabağ” muğam qrupu Latviyada təqdimatla çıxış edib
Riqa, 27 may, AZƏRTAC
Mayın 27-də “Şuşa İli” münasibətilə Latviya Musiqi Akademiyasında “Qarabağ” Muğam qrupunun rəhbəri, professor Mənsum İbrahimovun bu ali təhsil ocağının müəllim və tələbələri qarşısında Azərbaycan muğamları mövzusunda akademik mühazirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin Latviya Musiqi Akademiyası ilə birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.
Tədbirdə çıxış edən Latviya Musiqi Akademiyasının rektoru Azərbaycan muğamlarına həsr edilmiş mühazirənin təşkilinin ölkələrimiz arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, bu mühazirənin Latviya Musiqi Akademiyasının müəllim və tələbələri üçün Azərbaycanın milli musiqisi ilə tanışlıq nöqteyi-nəzərindən gözəl imkan olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsindən, ölkəmizin zəngin mədəni irsindən danışıb. Həmçinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin ölkəmizin tarixi və mədəniyyətindəki xüsusi yerindən bəhs edib. O, Azərbaycan mədəniyyətinin qorunması, dünyada tanıdılması istiqamətində, həmçinin mədəni irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarına daxil edilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb. Bundan əlavə o, Azərbaycan ilə Latviya arasında mədəni əlaqələrin tarixi və bugünkü səviyyəsindən danışıb.
Tədbirdə Mənsum İbrahimov Azərbaycan muğamları, muğamlarımızın tarixi kökləri, milli musiqi alətlərimiz, onların ifa xüsusiyyətlərindən və xanəndəlik sənətindən ətraflı bəhs edib.
Həmçinin akademik mühazirə zamanı Xalq artisti Mənsum İbrahimov və muğam müsabiqəsinin qalibi Gülzar Fərəcovanın ifası, Xalq artistləri Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimovun müşayiəti (nağara) ilə dinləyicilərə Azərbaycan muğamları ilə bağlı canlı ifalar təqdim olunub və milli musiqi alətlərimiz olan tar, kamança, qaval və nağara haqqında məlumat verilib.
Tədbirdə Latviya Musiqi Akademiyasına Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan muğamlarından ibarət CD disklər, həmçinin Azərbaycan muğamı ilə bağlı nəşrlər hədiyyə olunub. Tədbir dinləyicilər tərəfindən böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.