ELM VƏ TƏHSİL
“Qarabağ müharibəsi qəhrəmanları” fondunun əməkdaşları şəhid ailəsi ilə görüşüblər
Bakı, 30 sentyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fondunun əməkdaşları İkinci Qarabağ müharibəsində fəal iştirak etmiş, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə vuruşaraq şəhidlik zirvəsinə ucalmış Bilal Qənbərovun məzarını ziyarət ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunun rəhbəri Röksanə Səfərzadə və fondun əməkdaşları şəhidin 28-ci doğum günündə onun məzarı üstünə gül dəstələri düzüb, xatirəsini hörmət və ehtiramla anıblar.
1993-cü il sentyabrın 29-da anadan olan Bilal Qənbərov Şuşa uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl şəhidin ailəsi Birinci və İkinci Qarabağ müharibələrinin şəhid, qazi, iştirakçılarının adlarını əbədiləşdirmək məqsədilə yaradılan MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə yaxından tanış olub, Esmira Günəşin “Unutmadıq, şəhidim” kitabını fonda hədiyyə ediblər.