REGİONLAR
Qarabağda İsrailin süd ferması texnologiyası tətbiq ediləcək
Bakı, 27 aprel, AZƏRTAC
İsrail Zəngilanda, əvvəlcə 300-400 başlıq camış ferması tikəcək, sonra biz onu 1000 başa çatdırmaq istəyirik. Şirkətimiz ağıllı fermalar üzrə texnologiya ilə işləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Zəngilanın Ağalı kəndində icra olunacaq “Ağıllı kənd” layihəsində iştirak edəcək şirkətlərin nümayəndələri ilə videoformatda keçirilən söhbətində İsrail şirkətinin nümayəndəsi söyləyib.
O deyib: “Bizdə bütün fermanı məlumatların təhlili üzrə proqram təminatına birləşdirən ötürücülər var ki, bu da göründüyü kimi, mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması ilə əlaqədardır. Biz bunu “açar təslimi” layihəsi kimi həyata keçiririk. Buraya texniki-iqtisadi əsaslandırma, tikinti, planlaşdırma, komandanın hazırlanması və mal-qaranın idxalı daxildir. Qeyd etdiyim kimi, heyvanlar sensorlarla təchiz ediləcək. Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi. Bu, o deməkdir ki, Sizdə böyük elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə elektrik enerjisi istehsal olunur. Bu cür ferma çox maraqlı olacaq. Beləliklə, biz İsrailin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəmizi Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyirik”.