ELM VƏ TƏHSİL
Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatlarına həsr olunmuş konfransın materialları çapdan çıxıb
Bakı, 21 iyun, AZƏRTAC
AMEA-da mayın 20-21-də “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda keçirilmiş onlayn konfransın materialları çapdan çıxıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, konfrans materiallarına daxil edilmiş 118 tezis əsasən keçmişdə, sovetlər dönəmində aparılmış tədqiqatlar və son illərin peyk çəkilişləri, eləcə də regiona alimlərimizin son dövrlərdə etdikləri azsaylı, ərazi cəhətdən məhdud xarakter daşıyan səfərləri əsasında, ehtimal xarakterli proqnozlar verməklə yazılıb, bəzi tezislər isə son aylar ərzində regionda aparılmış real monitorinqlərin nəticələrini əks etdirir.
Kitabın konfrans materialları hissəsi plenar məruzələrin tezisləri ilə başlayır.
Konfransın seksiyalarında edilmiş plenar və seksiya məruzələrinin tezisləri “Qarabağın flora, fauna və mikrobioloji müxtəlifliyi, meşə və otlaq ekosistemləri”, “Qarabağın genetik ehtiyatları və ərzaq təhlükəsizliyi”, “Herontoloji və arxeobioloji tədqiqatlar, ekoturizm”, “Qarabağın torpaq və su ehtiyatları, yaşıl iqtisadiyyat” ümumi başlıqları altında dərc edilib.
Qeyd edək ki, konfrans materiallarında toplanmış tezislərin müəllifləri respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələrini, o cümlədən AMEA-nı, Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Kənd Təsərrüfatı Nazirliyini, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin elmi müəssisələrini, Energetika Nazirliyini, Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət Pedaqoji Universitetini, Azərbaycan Texniki Universitetini, Gəncə Dövlət Universitetini, Azərbaycan Tibb Universitetini və digər təşkilatları təmsil edirlər.
Konfrans materialları Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları ilə bağlı gələcəkdə aparılacaq tədqiqatlar üçün bazis rolunu oynayacaq.