ELM VƏ TƏHSİL
“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir – Məmməd Aslan
Bakı, 25 noyabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti siması Məmməd Aslandır. O, 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. 1962-ci ildə ali təhsilini tamamlayaraq təyinatla Kəlbəcər rayonuna göndərilib. Əmək fəaliyyətinə rayonun Yanşaq və İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlayıb.
Ədəbiyyatımıza möhürünü vurmuş istedadlı söz adamı olan Məmməd Aslanın şeirlərində Kəlbəcərin bütün təbiət gözəllikləri əks olunub. Dostları onu Kəlbəcərin özü adlandırırdı. Sözünün əvvəli də, axırı da Kəlbəcər idi Məmməd Aslanın. "Heç yuxumdan çıxmır, gözlərimin önündən getmir. Kəlbəcər mənim üçün bir özgə dünya, bir özgə aləm, bir özgə həsrətdir. Kəlbəcər mənim üçün abır-həya, ismət örnəyi kimi qalıb"- deyirdi. Şair bir şeirində "O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər...", - yazmışdı. Amma bu gün o Kəlbəcər qayıtdı, 27 il sonra işğaldan azad edildi Kəlbəcər...
Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbəsinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.