ELM VƏ TƏHSİL
“Qarabağlı müəlliflərin əlyazma əsər kataloqu” çapdan çıxıb

Bakı, 7 iyun, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Nailə Süleymanovanın “Qarabağlı müəlliflərin əlyazma əsər kataloqu” kitabı işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Yeni nəşr institutda mühafizə edilən əlyazmalar əsasında hazırlanıb. Kataloqda Qarabağda və ya əslən Qarabağdan olub başqa bölgələrdə yaşamış görkəmli alimlərin müxtəlif məzmunlu və fərqli tarixi dövrə aid əlyazma əsərlərinin, Mir Möhsün Nəvvab Qarabağinin avtoqraf əlyazmalarının, o cümlədən ədəbiyyata, tarixə, ərəb dilçiliyinə, dinə dair əlyazmaların elmi-paleoqrafik təsviri yer alıb. Qarabağlı müəlliflərin əsərlərinin əlyazma nüsxələrinin vahid bir kataloqda toplanması onların həyat və yaradıcılığının dərindən öyrənilməsi üçün mühüm bir mənbə sayıla bilər.
Yeni nəşrin elmi redaktorları Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov, “Ön söz”ün müəllifi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Nailə Süleymanovadır.