CƏMİYYƏT
Qaradağ rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Vətən Müharibəsi Qəhrəmanı, kapitan Rəşad Arif oğlu Abdullayevin doğum günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhidin adını daşıyan küçədə abidəsini ziyarət edib, xatirəsi ehtiramla yad olunub.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, daha sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri 44 günlük Vətən müharibəsinin ilk günlərində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş İbadov Rafiq Baloğlan oğlunun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət edib, məzarın üzərinə çələng və gül dəstələri qoyub, şəhidin ailəsinə baş çəkiblər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhidin ailəsi ilə söhbət edib, onları narahat edən problemləri dinləyib. Şəhidin valideynləri Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.