CƏMİYYƏT
Qaradağda Vətən müharibəsi şəhidinin əziz xatirəsi yad edilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Vətən müharibəsinin şəhidi Cavanşir Əhmədovun anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərasim iştirakçıları Ələtdəki Şəhidlər xiyabanında şəhid Cavanşir Əhmədovun məzarı önünə əklil və gül dəstələri qoyublar.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri, o cümlədən şəhid Cavanşir Əhmədov və onun döyüş yoldaşları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində böyük şücaət göstərərək tarixi Qələbə qazanmaqla xalqımızı 30 illik həsrətdən sonra əzəli torpaqlarımıza qovuşdurublar. Onların qəhrəmanlığı, döyüş əzmi, mərdliyi nəticəsində torpaqlarımız düşmən işğalından azad olunub. Azərbaycan Vətən müharibəsində istər döyüş meydanında, istərsə də diplomatiya sahəsində öz sözünü deyib və düşməni məğlub edərək kapitulyasiya aktını imzalamağa məcbur edib.
Qeyd edək ki, şəhid Cavanşir Xeyrulla oğlu Əhmədov 1999-cu ildə Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub. 2016-cı ildə orta məktəbi bitirən Cavanşir Əhmədov Bakı İnşaat Kollecində təhsil alıb. Hərbçi sənətinə marağı onu sonralar atıcılıq kurslarında da iştiraka sövq edib və Cavanşir kursda snayper bacarıqlarına yiyələnib. 2020-ci ilin iyulunda hərbi xidmətə yollanan Cavanşir Əhmədov Vətən müharibəsi döyüşlərində fəal iştirak edib. Bir sıra qəhrəmanlıq nümunələri göstərən Cavanşir Murovdağ zirvəsinin, Cəbrayıl və Zəngilan rayonlarının, həmçinin Hadrut qəsəbəsinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 15-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Ələtdəki Şəhidlər xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Cavanşir Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.