REGİONLAR
Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolu yenidən inşa olunub VİDEO
Bakı, 20 iyul, AZƏRTAC
Respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 46-cı kilometrdən ayrılan və uzunluğu 8 kilometr olan Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən inşa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, əvvəllər qara və çınqıl örtüklü yolda, xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.
Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. 2 hərəkət zolaqlı yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün zəruri yerlərdə müxtəlif diametrlərdə olan suötürücü boruların, beton küvetlərin tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri görülüb.
Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən, optimal-qırmadaş və qum-çınqıl qarışımından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Yolboyu 12 santimetr qalınlığında və 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Layihəyə uyğun olaraq sonda zəruri olan yerlərdə yol nişanı, dayanacaq və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnoloji ardıcıllıqla apardığı yenidənqurma işləri sözsüz ki, yolboyu yaşayan vətəndaşların yolla bağlı qarşılaşdıqları problemlərin öz həllini tapmasına, həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına şərait yaradacaq.